Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində elektron xidmətlərə dair kollegiya iclası keçirilib

AZADİNFORM. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23.05.2011-ci il tarixli Fərmanının icra vəziyyətinin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov kollegiya iclasını giriş sözü ilə açaraq prezident İlham Əliyev tərəfindən imzalanmış bu fərmanın məmur-vətəndaş münasibətlərinin informasiya texnologiyalarından istifadə edilərək yeni formada təşkilinə, mümkün bürokratik əngəllərin, korrupsiya hallarının aradan qaldırılmasına, dövlət orqanlarının fəaliyyətinin səmərəliliyi və şəffaflığının artırılmasına xidmət edən vacib sənəd olduğunu bildirib, bu fərmanın icrasının təmin edilməsi üçün mərkəzi icra hakimiyyəti orqanı, həmçinin bu fərmanın icrasının əlaqələndiricisi kimi həyata keçirilən tədbirlərdən danışıb.
Kollegiyada fərmanın icra vəziyyəti ilə bağlı çıxışlarda qeyd olunub ki, fərmanın icrasını təmin etmək üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə digər mərkəzi icra hakimiyyəti orqanları arasında səmərəli fəaliyyət təşkil olunub və elektron xidmətlərin təşkili istiqamətində bir sıra işlər görülüb.
Elektron xidmətlərin göstərilməsi ilə əlaqədar məsələlərin tənzimlənməsi məqsədilə Qaydaların və nümunəvi inzibati reqlamentin işlənilməsi həyata keçirilib, göstəriləcək elektron xidmətlərin siyahısı müəyyənləşdirilib və Nazirlər Kabinetinə təqdim edilib. Dövlət orqanlarının, eləcə də elektron imza xidmətindən istifadə məqsədi ilə müraciət edən hüquqi və fiziki şəxslərin elektron imza ilə təmin edilməsi üçün infrastrukturun hazırlığı, elektron hökumət portalının yaradılması, dövlət orqanları arasında informasiya mübadiləsinin təmin edilməsi üçün işlərin aparıldığı, artıq 8 dövlət orqanı ilə elektron xidmətlərin işlənilməsi və onların elektron hökumət portalına qoşulması üzrə tədbirlərin həyata keçirildiyi qeyd olunub. Kollegiyada nazirlik və tabeliyindəki qurumlar tərəfindən əhaliyə göstərilən, xüsusən də telefon, İnternet, poçt xidmətləri sahəsində yaradılmış elektron xidmətlər nümayiş etdirilib.
Nazir Ə.Abbasov kollegiyada yekun çıxışda elektron xidmətlərin təşkili üzrə bu mərhələdə görülən işlərin davam etdirilməsi, daha da genişləndirilməsi və əhaliyə göstərilən elektron xidmətlərin icrasına nəzarətin təmin edilməsi, eyni zamanda, elektron xidmətlərin informasiya təhlükəsizliyinə diqqət yetirilməsinin vacibliyini xüsusi qeyd edib.

19.08.2011 18:53 / Просмотров: 3395 / Печать
 
    В этом разделе:
     Лента новостей
    20.11.2018
    19.11.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo