Prezident Biləcəri və Sulutəpə qəsəbələrində olub

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Bülbülə kəndini Heydər Əliyev prospekti ilə birləşdirən yeni əlavə yolun istifadəyə verilməsi mərasimində iştirak edib. AZADİNFORM xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezidentə məlumat verib. Yolun 4950 kvadratmetrlik hissəsində asfalt işlərinin aparıldığı, piyadaların rahat hərəkəti üçün qranitdən 110 metrlik uzunluğunda xüsusi səkilərin düzəldildiyi qeyd olunub. Girişli-çıxışlı yolun kənarlarındakı 2000 kvadratmetr ərazidə yaşıllıq zolaqları salınıb, 200-dən yuxarı müxtəlif ağac və gül kolları əkilib. Yolda müasir işıqlandırma sistemi də quraşdırılıb. Bütövlükdə Suraxanı rayonunun ayrı-ayrı kənd və qəsəbələrinin məhəllədaxili yollarının 36,5 min kvadratmetrlik hissəsinə yeni asfalt döşənib. Yolların 17 min kvadratmetrlik hissəsində asfalt döşəmək üçün hazırlıq işləri görülüb, əlavə olaraq 35 min kvadratmetrlik hissəsinə yeni asfalt örtüyünün döşənəcəyi nəzərdə tutulub. Həyata keçirilən tədbirlərlə yaxından tanış olan Prezident İlham Əliyev sakinlərlə görüşüb. Bülbülə qəsəbəsində yeni yol istifadəyə verildikdən sonra prezident İlham Əliyev Binəqədi rayonunun Biləcəri qəsəbəsinə gəlib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Biləcəri qəsəbəsinin sxemi əsasında qəsəbədə asfalt örtüyü vurulmasına ehtiyac olan məhəllədaxili küçələr barədə dövlət başçısına məlumat verib. Bildirilib ki, 60 min nəfər sakini olan Biləcəri qəsəbəsində uzunluğu 25,3 kilometr, sahəsi 159,3 min kvadratmetr olan məhəllədaxili yolların əsaslı şəkildə təmir olunması nəzərdə tutulur. Hazırda qəsəbədaxili yolların 10 min 500 kvadratmetr hissəsinə yeni asfalt döşənib. Altı min kvadratmetr hissəsində isə asfalt döşənilməsi üçün hazırlıq işləri başa çatıb. Görülən işlərlə tanışlıqdan sonra dövlət başçısı sakinlərlə görüşüb. Biləcəri qəsəbəsində su, kanalizasiya, enerji və qaz təchizatı ilə bağlı heç bir problemin olmadığını bildirən sakinlər görülən işlərlə bağlı Prezidentə minnətdarlıq ediblər. Sakinlər dövlət başçısından qəsəbədə yeni məktəb binasının inşa olunmasını və əhalinin istirahəti üçün lazımi şəraitin olmadığı Dəmiryolçular parkında yenidənqurma işlərinin aparılmasını xahiş ediblər. Sakinlərlə görüşdən sonra Prezident İlham Əliyev Biləcəri qəsəbəsindəki Dəmiryolçular parkına gəlib və buradakı vəziyyətlə yerində tanış olub. Bu gün prezident İlham Əliyev, həmçinin Binəqədi rayonu Sulutəpə yaşayış sahəsinə gəlib. Bu qəsəbədə də məhəllədaxili yolların əsaslı şəkildə təmirinə başlanılıb. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlət başçısına məlumat verib ki, Sulutəpə qəsəbəsində məhəllədaxili yolların 5600 kvadratmetrinə asfalt örtüyü döşənilib, yolların 7 min kvadratmetrlik hissəsində isə asfalt döşənilməsi üçün hazırlıq işləri başa çatdırılıb. Qəsəbədə su və kanalizasiya məsələlərinin həll ediləcəyi, məhəllədaxili küçələrdə müasir işıqlandırma sisteminin qurulacağı bildirilib. Sulutəpə qəsəbəsinin sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlərə görə dövlət başçısına minnətdarlıq edən sakinlər qəsəbədə fəaliyyət göstərən orta məktəb binasının əlavə korpusa ehtiyac olduğunu söyləyiblər. Prezident İlham Əliyev bununla bağlı müvafiq tapşırıqlarını verib.
11.04.2011 15:48 / Просмотров: 518 / Печать
 
    В этом разделе:
     Лента новостей
    24.05.2018
    23.05.2018
    22.05.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo