Məcburi köçkünləri yoxsul vəziyyətdən çıxarmaq üçün layihə həyata keçirilir


Atif Eyvazov/AZADİNFORM. Bu gün Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən həyata keçirilən, Azərbaycan və İsveçrə hökumətlərinin maliyyələşdirdiyi “Ağdam rayonu ərazisində yeni salınan qəsəbələrdə məskunlaşan məcburi köçkün və qaçqınlar üçün bacarıqların artırılması naminə inkişaf layihəsi”i çərçivəsində görülən işlərə həsr olunan tədbir keçirilib.

“Azadinform” xəbər verir ki, tədbirdə çıxış edən layihənin rəhbəri Volter Delevore bildirib ki, eyni adlı layihənin birinci fazasının icrasına 2007-ci ildən başlanılıb. Onun sözlərinə görə, ilk mərhələdə həyata keçirilən layihənin büdcəsi 664 min dollar təşkil edib. İkinci, 2009-cu idən həyata keçirilən və gələn il başa çatacaq layihəyə isə 1 mln. 750 min manat ayrılıb. O qeyd edib ki, Ağdam rayonunun yeni salınan 14 qəsəbə və 7 kəndində həyata keçirilən layihədə 3 100-dən çox ailənin mənfəət əldə etmələri üçün yüksək gəlir gətirən keyfiyyətli tərəvəz məhsullarının becərilməsinə lazımi texniki dəstək verilib. Onun sözlərinə görə, layihənin həyata keçirilməsində məqsəd məcburi köçkünləri yoxsul vəziyyətdən çıxarmaq, onların gəlir imkanlarını artırmaqdır. O, bu layihəni digər bölgələrdə də həyata keçirmək istədiklərini bildirib.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, layihənin maliyyələşməsində 15 faiz Azərbaycan hökumətinin payı var.
Ə.Həsənov qeyd edib ki, Azərbaycan hökuməti məcburi köçkünlərin bütün sosial təminatını təmin etmək iqtidarında olsa da, beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirmək fikrindədir. Ə.Həsənov oxşar layihələrin digər bölgələrdə keçirilməsində maraqlı olduqlarını bildirib və təklif edib ki, layihə çərçivəsində istehsalla bərabər, kiçik emal müəssisələri də yaradılsın. O, layihədə təlim, seminarlar, ezamiyyətə  çox vəsait xərcləndiyini diqqətə çatdırıb və buna ehtiyac olmadığını söyləyib. O, tövsiyə edib ki, məcburi köçkünlərin kənd təsərrüfatı ilə bağlı bilik və bacarığı var, sadəcə onların vərdişlərini bərpa etmək lazımdır. Ə.Həsənov həmçinin xəbərdarlıq kimi bildirib ki, növbəti layihələrdə tövsiyələr nəzərə alınmayacağı təqdirə onun icrasına icazə verilməyə bilər.
İsveçrənin Azərbaycandakı səfiri Sabina Ulman isə bildirib ki, Azərbaycan son 17 ildə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində böyük işlər görüb. 
Layihəni dəstəklədiklərini bildirən kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev əlavə edib ki, bu layihənin həyata keçirilməsi üçün kredit müəssisələrinin yaradılmasına ehtiyac var.  O, layihə çərçivəsində infrastrukturun təşkil edilməsinin də vacib olduğunu söyləyib.
Müzakirə edilən məsələnin əhəmiyyətindən bəhs edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib ki, Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən ötən il məcburi köçkünlərin sıx məskunlaşdığı ərazidə bir sıra sahələrin inkişafı üçün 700-ə yaxın sahibkarlıq subyektinə 66 mln. manata yaxın güzəştli kredit verilib. Onun sözlərinə görə, ayrılan vəsait hesabına 3 minə qədər yeni iş yeri açılıb. Nazir müavini 2009-cu ildən cari ilin iyunun 1-dək SKMF tərəfindən Ağdam rayonu üzrə 84 sahibkarlıq subyektinə 1 mln. manatdan artıq güzəştli kreditin verildiyin də açıqlayıb.

17.06.2011 15:02 / Просмотров: 336 / Печать
 
    В этом разделе:
     Лента новостей
    19.10.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo