Dövlət Komitəsi İrqçiliyə və dözümsüzlüyə qarşı Avropa Komissiyasının hesabatını obyektiv saymır

Atif Eyvazov/AZADİNFORM. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidməti İrqçiliyə və dözümsüzlüyə qarşı Avropa Komissiyasının (ECRİ) Azərbaycan üzrə dərc etdirdiyi hesabatının (dördüncü monitorinq dövrü) “Dini qruplar” bölməsi ilə bağlı  açıqlama yayıb.

DQİDK-nin mətbuat xidmətindən “Azadinform”a verilən məlumatda qeyd edilir ki, bütün müasir demokratik dövlətlər kimi, Azərbaycan Respublikası fikir və söz azadlığı, vicdan azadlığı prinsiplərini gündəlik həyatda təmin etməyə və qorumağa çalışır. Bu sahədə görülən işlər həyatın ən vacib elementlərindən biri kimi, Azərbaycan hökumətinin diqqət mərkəzindədir və dövlətimiz ölkədə və dünyada dini azadlıqların qorunması ilə bağlı bütün səyləri dəstəkləyir: “Bu baxımdan İrqçiliyə və dözümsüzlüyə qarşı Avropa Komissiyasının (ECRİ) Azərbaycan üzrə hesabatını insan haqlarının qorunması istiqamətində göstərilən səylərdən biri kimi qiymətləndirir və bu təşəbbüsü müsbət dəyərləndiririk”.
Komissiyanın sonuncu hesabatının “Dini qruplar” bölməsində bir sıra müsbət amillər öz əksini tapıb. Sənəddə bildirilib ki, Azərbaycanda ən məşhur dini qruplar (xüsusilə qeydiyyatdan keçmiş müsəlman və yəhudi icmaları, o cümlədən ortodoks və katolik kilsələri) öz dini azadlıqlarından istifadə edərkən hər hansı çətinliklə üzləşmirlər. “Sənəddəki rəqəmlər obyektivliyə yaxın olsa da, bəzi məqamların dəqiqləşdirilmədən, ətraflı öyrənilmədən verildiyi açıq-aşkar görünür. İcmalda göstərilib ki, guya bəzi dini qurumlara qarşı ayrı-seçkilik edilir, hüquq-mühafizə orqanları tərəfindən təzyiqlər olunur. Birmənalı şəkildə bildiririk ki, ölkəmizdə din sahəsində heç bir ayrı-seçkiliyə yol verilmir”.
Hesabatda iddia olunur ki, guya hökumət arzuolunmaz dini qurumlara qarşı qeydiyyatdan keçmə prosesindən istifadə edir. Halbuki, “Dini etiqad azadlığı haqqında” qanuna edilmiş əlavə və dəyişikliklərdən sonra qeydiyyat qaydaları daha da sadələşdirilib. Qeydiyyat üçün vətəndaşdan qanunla müəyyən edilmiş minimal sayda və toplanması asan olan sənədlər tələb olunur. Dini qurumların qeydiyyatdan keçmə prosesində heç bir süründürməçiliyə yol verilmir. “Dövlət Komitəsi bir daha bildirir ki, dini qurumların qeydiyyatdan keçmə proseduru olduqca sadədir və şəffaflıq prinsiplərinə əsaslanır”. Vurğulanıb ki, qanunvericiliyin tələblərinə uyğun olaraq indiyədək 30 dini qurumun dövlət qeydiyyatına alınmasından imtina edilib. Dövlət qeydiyyatına alınmasından imtina barədə dini quruma imtinaya əsas olmuş qanunvericiliyin müddəaları göstərilməklə məlumat verilir. Azərbaycanın qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan başqa hər hansı digər əsasa görə dini qurumun dövlət qeydiyyatına alınmasından imtinaya yol verilmir. Hesabatda bildirilir ki, yenidən qeydiyyatdan keçə bilməyən dini icmaların hüquqi vəziyyəti qeyri-müəyyəndir. Halbuki, bu məsələdə hər hansı qeyri-müəyyənlikdən söhbət gedə bilməz.  “İcmalda qeyd edilən digər iradlarla (polisin dini mərasimə müdaxiləsi, dindarların tutulub saxlanılması) əlaqədar bildiririk ki, belə hallar yalnız hüquq pozuntuları aşkar edildikdə baş verir və bunu dini etiqad azadlığının pozulması, yaxud dini ayrı-seçkiliyə yol verilməsi kimi qələmə vermək düzgün deyil”.
Ümumiyyətlə, hesabatın təhlili təəssüf hissi ilə deməyə əsas verir ki, bəzi informasiyalar etibarlı olmayan mənbələrdən alınıb, dəqiqləşdirilməmiş və dərindən yoxlanılmadan sənədə daxil edilib. DQİDK əlavə edib ki, icmalın bəzi hissələrində Azərbaycanda dini durumun obyektiv, real təhlili, konkret faktlar əvəzinə, yalnız ümumi sözlər və qiymətləndirmələr yer alıb. Bir sözlə, hesabat ölkədəki real vəziyyəti əks etdirmir və səthi xarakter daşıyır. DQİDK  sənədi hazırlayanlara gələcəkdə bu səpkili hesabatların daha obyektiv və əsaslı tərtib edilməsi üçün hər cür əməkdaşlığa hazır olduğunu bildirir.

8.06.2011 16:35 / Просмотров: 559 / Печать
 
    В этом разделе:
     Лента новостей
    14.12.2018
    13.12.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo