Azərbaycanda təhsil alan xarici tələbələrin I Ümumrespublika Forumu keçirilib

Aytən İmanova/AZADİNFORM. Bu gün Bakı Beynəlxalq Tələbə Klubu (BBTK) QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının təşkilatı dəstəyi ilə Azərbaycanda təhsil alan xarici tələbələrin I Ümumrespublika Forumunu keçirib.

“Azadinform” xəbər verir ki, forumun əsas məqsədi ölkədə olan xarici tələbələrin davamlı birliyinə nail olmaq, müvəqqəti Azərbaycan sakini olan çoxlu sayda əcnəbi gəncə dövlətin verdiyi önəmi vurğulamaq, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xarici tələbə potensialından düzgün istifadəni təmin etməkdir.
QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev xarici tələbələri Azərbaycanın ərazi bütövlüyünü dünya arenasına çatdırmağa səsləyib. “Əcnəbi tələbələr Azərbaycanda maksimum bilik əldə edəcəklər. Onlar artıq Azərbaycanın bugünkü durumuna, inkişafına, uğurlarına bələddir. Onlar, həmçinin işğal faktı ilə də tanışdırlar. Ölkənin bütün vəziyyətini öz ölkələrində, beynəlxalq arenada müfəssəl təqdim edə bilərlər. Biz istəyirik ki, siz Azərbaycan həqiqətlərini dünyaya çatdırasınız” - deyə A.Quliyev xarici tələbələrə müraciət edib. O, yenilənmiş Madrid prinsiplərini auditoriyanın diqqətinə çatdırıb. Bu prinsiplərdə Azərbaycan torpaqlarının azad edilməsi, qaçqınların öz ərazilərinə yerləşdirilməsi, daha sonra erməni və azərbaycanlı icmalarının iştirakı ilə Qarabağa hüquqi statusun verilməsi öz əksini tapıb və Azərbaycan tərəfi bunlara razılıq verib. “Lakin erməni tərəfi prinsipləri qəbul etmir. Azərbaycanda bu gün 30 min erməni yaşayır. Onlar sərbəstdirlər. Ölkə onların təhlükəsizliyinə təminat verib. Buna əməl də edir. Lakin İrəvanda bircə azərbaycanlı tapmaq mümkün deyil. Azərbaycan tolerantlığını hər məqamda sübut edib” - deyə o bildirib. 
Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov Azərbaycanın hər zaman vətəndaş cəmiyyətinin, demokratiyanın inkişafına səylə çalışdığını və buna nail olduğunu vurğulayıb. O, əcnəbi tələbələri təhsil sistemində çatışmazlıqları, boşluqları nəzərə çatdırmağa çağırıb. “Ölkədə vətəndaş cəmiyyəti qurulub. Bizə maraqlıdır ki, əcnəbilər təhsil sistemimizdə hansı boşluqları görür. Onların fikirləri, təklifləri də bizi maraqlandırır. Çünki biz bu məsələləri hökumət qarşısında qaldırmaq istəyirik” - deyə millət vəkili deyib. O, əcnəbi tələbələri öz ölkələrindəki təcrübənin burda tətbiq edilməsinə səy göstərməyə səsləyib.
F.Muradov, həmçinin Gənclər haqqında Dövlət Proqramına da yeni təkliflər gözlədiyini əlavə edib. “Yeni fikirli gənclər bizə çox gərəklidir. Onların təkliflərini həyata keçirməyə çalışırıq. Dövlət Proqramına da onların təkliflərini salmağa hazırıq. Gənclər siyasəti Azərbaycanın dövlət siyasətinin əsas qoluna çevrilib” -  deyə o bildirib. F.Muradov Azərbaycanın təkcə ölkə daxilində deyil, sərhəddən kənarda da təhsilə, sosial rifaha kömək etdiyini vurğulayıb. “Burada Türkiyə, Rusiyanı təmsil edən tələbələr var. Həmin ölkələrdə Heydər Əliyev Fondunun dəstəyi ilə məktəblər, xəstəxanalar tikilir. Azərbaycan çalışır hər məkanda bacardığı qədər öz töhfələrini versin”. Millət vəkili xarici tələbələri Azərbaycan reallıqlarını, onun ərazi bütövlüyünü dünyaya çatdırmağa çağırıb.
Tədbirdə xarici tələbələrin ürək sözləri barədə videotəqdimat da keçirilib. Konfransda, həmçinin əcnəbi tələbələr “Azərbaycan mənim ikinci Vətənim”, “Azərbaycanın üzləşdiyi problemlərin aradan qaldırılmasında xarici tələbələrin rolu”, “Dünyanı gələcək gənclər üçün qoruyaq. Sülh prosesində gənclərin rolu” mövzusunda çıxış ediblər.

31.05.2011 16:03 / Просмотров: 440 / Печать
 
    В этом разделе:
     Лента новостей
    11.12.2018
    10.12.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo