Parlament büdcəyə dəyişiklikləri təsdiq etdi

Mübariz Aslanov/AZADİNFORM. Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında” və “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında”  qanun layihələri müzakirəyə çıxarılıb. “Azadinform” xəbər verir ki, iclasda çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki,  2011-ci il dövlət büdcəsinin gəlirləri 3 493,2 mln. manat məbləğində artırılır.

Onun sözlərinə görə,  bu artımdan sonra 2011-ci il dövlət büdcəsinin gəlirləri 15 554,2 mln. manat olacaq ki, bu da təsdiq edilmiş proqnoza nisbətən 29 faiz çoxdur. S.Şərifov söyləyib ki, büdcə gəlirlərinin artımının 770 mln. manatı vergi və gömrük daxilolmaları, 2,7 mlrd. manatı isə Dövlət Neft Fondundan transfert hesabına təmin ediləcək: “Dəyişikliklər layihəsi ilə 2011-ci il dövlət büdcəsinin xərcləri isə 15 941,2 mln. manat təşkil etməklə 2011-ci il üçün təsdiq edilmiş ilkin büdcə xərclərinə nisbətən 3 193,2 mln. manat və ya 25 faiz artırılır”.
Millət vəkili Tahir Rzayev cari ilin büdcəsinə əlavə və dəyişikliklər barədə danışıb. O qeyd edib ki, 2011-ci il dövlət büdcəsinin artırılaraq təxminən 15 milyarda çatdırılması ciddi hadisədir. “Büdcəyə olan artım insanların bölgələrdə möhkəmlənməsinə, sahibkarlığın inkişafına şərait yaradacaq” - deyə millət vəkili bildirib.
Elmira Axundova bildirib ki, bu gün ölkədə zabitlərin, həkimlərin və müəllimlərin maaşları aşağıdır, yaxşı olardı ki, büdcəyə olan dəyişikliklərdə onların məvacibləri artsın. “İcra hakimiyyəti orqanlarında işləyənlərin də əmək haqları çox aşağıdır. Burada aşağı vəzifə tutanların maaşları 150-170 manatdan artıq olmur” - deyə E.Axundova vurğulayıb. O qeyd edib ki, Azərbaycan gənclərin xaricdə oxuyub gəlməsi üçün milyonlarla vəsait ayırır. “Həmin gənclərə də bu gün ölkədə dövlət orqanlarında aylıq məvacibi 200-250 manat civarında olan iş təklif edirlər. Bununla nəinki ailə saxlaya, heç özlərini dolandıra bilmirlər. Yuxarı çinli dövlət məmurları ilə aşağı vəzifəli dövlət məmurlarının maaşları arasında böyük fərq var. Hesab edirəm ki, bu dəyişikliklərlə bu fərq aradan qaldırılmalıdır” - deyə millət vəkili bildirib. Deputat təklif edib ki, gənclərin şəhərə axının qarşısı alınması üçün bölgələrdə peşə məktəblərinin fəaliyyəti bərpa olunsun.
YAP-dan olan deputat Aydın Mirzəzadə deyib ki, ötən il dünyada iqtisadi böhrana baxmayaraq, Azərbaycanın ötən il öz daxili resurslarına söykənən büdcə qəbul edib və onu yerinə yetirib. Onun fikrincə, bu, yüksək göstəricidir: “Azərbaycanın 2011-ci il büdcəsinə edilən artım 4,8 milyard dollardır. Bu rəqəm Gürcüstanın 4 milyard, Ermənistanın 2 milyardlıq büdcəsindən artıqdır. Bu da o deməkdir ki, Azərbaycanın təkcə artım büdcəsi bu ölkələrin ümumi büdcəsindən artıqdır. Ümid edirəm ki, bu il olduğu kimi büdcədən maliyyələşən təşkilatların məvacibi bundan sonra da artacaq”.
Deputatların geniş müzakirəsindən sonra “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi 93 səs çoxluğu ilə, “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında”  qanun isə 97 səs çoxluğu qəbul olundu.

27.05.2011 14:32 / Просмотров: 444 / Печать
 
    В этом разделе:
     Лента новостей
    15.08.2018
    14.08.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo